Xidmətlər



AzEkoKonsaltinq şirkəti biznes planların, layihə-maliyyə sənədlərinin və investisiya layihələrinin işlənib hazırlanması, eyni zamanda, marketinq və biznes konsaltinq xidmətləri üzrə geniş spektrdə xidmətlər təklif edir.

Şirkətimizin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Biznes-plan və Texniki İqtisadi Əsaslandırma (TİƏ)
2. Marketinq və Bazar araşdırmaları
3. Biznes məsləhət xidmətləri
4. Yerli və xarici müəssislərin yaradılması sahəsində məsləhət xidmətləri


Biznes ideya

Əslində şəxsi biznesə başlamaq heç də çətin deyil. Ən çətin məsələ şəxsi işə başlamaq haqqında qərarın qəbul edilməsidir. Biznes qurmaq və ya əlavə gəlir əldə etmək üçün yüzlərlə, hətta minlərlə biznes ideya mövcuddur. Lakin necə bilmək olar ki, məhz Sizin seçdiyiniz ideya müvəffəqiyyət qazanmaq və gəlir əldə etmək iqtidarındadır?

- Biznes ideya yeni biznesin yaradılması və ya fəaliyyət göstərən biznesdə yeni istiqamətin təşkil olunması, habelə biznesin inkişafı məqsədilə istifadə olunan ideyaya deyilir. Biznes ideyanın qiymətlərndirilməsi üçün aşağıdakı addımların atılması tələb olunur:

• Bazarın tədqiqi və icmalın hazırlanması (rəqiblər və bazar mövqeyi, istehlakçı üstüntutmaları, əsas istehlakçıların xarakteristikası, qiymət həddi və s.)
• İlkin nəticə
• Əgər mövcuddursa analoji bizneslərin ən yaxşı nümunələrinin axtarılması və tədqiqi (benchmarking)
• İdeyanın həyata keçirilmə yollarının araşdırılması
• Tədbirlər planının hazırlanması

Biznes-plan nədir?

İzahlı iqtisadi terminlər lüğətində Biznes-plan haqqında belə yazılmışdır:
“Biznes-plan – biznes fəaliyyətin həyata keçirilməsini, firmanın fəaliyyətini, firma haqqında məlumatları, onun istehsalı, əmtəəsi, satış bazarı, marketinqi, əməliyyatların təşkili xarakteri və onların səmərəliliyi səviyyəsini əks etdirən planı, proqramıdır; təsərrüfat subyektinin fəaliyyət istiqamətlərini proqnozlaşdıran və gələcəkdə onun inkişafından gözlənilən əsas maliyyə nəticələrini müəyyənləşdirən sənəddir. Həmin sənəddə yaxın illər üçün proqnozlaşdırılan satış həcmləri, istehsal xərcləri, ümumi mənfəət və rentabellik səviyyəsi, kreditlərin qaytarılması müddətləri və s. haqqında məlumatlar göstərilir. Sadə dildə desək, Biznes-plan yeni yaranan və ya mövcud biznesin işgüzar imkanlarını və perspektivlərini özündə cəmləşdirən, eyni zamanda, bu imkanların həyata keçirilməsi yollarını aydın şəkildə əks etdirən bir sənəddir.
Ümumiyyətlə, planlaşdırma hər bir sahibkarlıq fəaliyyətinin norması hesab edilir. Zənnimizcə Biznes-planı yalnız kommersiya layihəsinin deyil, eyni zamanda, gələcək və ya mövcud biznesin idarə edilməsinin təməli hesab etsək, yanılmarıq. Məhz Biznes-planın köməkliyi ilə yaranmış ideyaya bir növ kənardan baxmaq imkanı əldə olunur.

Biznes-plan nə üçün lazımdır?
Biznes-plan tərtib olunmasının əsas məqsədi kredit alınması və ya investisiya cəlb edilməsi, müəssisənin strateji və taktiki inkişafının müəyyənləşdirilməsi və s.-dən ibarətdir.

Biznes-plan tərtib olunmasının dörd əsas səbəbini ayırırlar:
1. Problem yaranmamışdan öncə, onu kağız üzərində (Biznes-planda) görmək imkanının əldə olunması.
2. Biznes-plansız praktik olaraq sərmayə cəlb olunmasının qeyri-mümkünlüyü.
3. Biznes-planın sahibkarlıq subyekti ilə yaxından tanış olmaq xüsusiyyətinə malik olması və bu sənədin sivil bazarın vacib tələblərindən biri kimi çıxış etməsi.
4. Biznes-planın vacib nəzarət və idarəetmə aləti olması.

Beləliklə, Biznes-plan sahibkarlıq fəaliyyəti sahəsində düşünülmüş ideyanın başlanğıc nöqtəsi və təməli, onun həyata keçirilməsi haqqında vahid strateji məlumat mənbəyidir. Bununla da Biznes-plan yaranmış ideyanın həyata keçirilməsi prosesində bütün əldə olunacaq nəticələrə birbaşa təsir göstərmək qabiliyyətinə malikdir.

Texniki İqtisadi Əsaslandırma məhsul və ya xidmətin yaradılmasının məqsədəuyğunluğunu (və ya qeyri-məqsədəuyğunluğunu) üzə çıxarmağa imkan verən məlumatlar əks olunmuş sənəddir. TİƏ, investorlara təklif olunan layihənin maliyyələşdirilməsi ilə əlaqədar qərar qəbul etməyə imkan verir.

TİƏ aşağıdakı hallarda hazırlanır:
• Bazarın tələbləri
• Müəssisənin daxili tələbləri
• Sifarişçinin tələbi
• Texnoloji proseslər
• Ekoloji təsirlər
• Sosial tələblər

TİƏ Biznes-plana bənzəsə də, TİƏ layihənin əsaslandırılması olduğu halda, Biznes-plan təşkilatın missiya və məqsədlərinin təsvirini, daha doğrusu müəssisənin fəaliyyətinin əsaslandırılmasıdır.

• Maliyyə planlaşdırması xarici şərtlərdən asılı olaraq mövcud maliyyə vəsaitləri vasitəsilə həyata keçirilməsi mümkün olan məqsədlərin seçilməsi və gələcək maliyyə axınlarının razılaşdırılmasıdır. Maliyyə planlaşdırması, mövcud maliyyə vəziyyətini nəzərə alaraq gəlir və xərclərin formalaşdırılması planlarının tərtib olunması və yerinə yetirilməsinə nəzarətdə öz əksini tapır.

• Maliyyə planlaşdırmasının aşağıdakı növləri olur:
- Strateji
- Uzunmüddətli
- Qısamüddətli
- Cari

• Maliyyə planlaşdırmasının üsulları aşağıdakılardan ibarətdir:
- Avtomatik. Bu üsul ən sadə olub, vaxt çatışmazlığı hallarında istifadə olunur;
- Statistik. Ötən illər üzrə xərclər toplanır və alınmış rəqəm ötən illərin sayında bölünür;
- Sıfır bazası. Bütün mövqelər sıfırdan başlayaraq hesablanır. Bu üsul real tələbatı nəzərə alır və onu imkanlara uyğun olaraq hesablayır.

• Adətən bazar iqtisadiyyatında ümumiləşdirilmiş maliyyə proqnozlaşdırılması üçün aşağıdakılar nəzərə alınmalıdır:
- İnvestisiya-kredit imkanları;
- Mövcud maliyyə-təsərrüfat fəaliyyəti;
- Qabaqcadan məlum olan gələcək maliyyə vəsaitlərinin mədaxili və məxarici.


Marketinq və Bazar araşdırmaları


• Marketinq strategiyası müəssisə (şirkət, firma, biznes-struktur) qarşısında duran məqsədlərə nail olunması üçün müxtəlif marketinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi prosesinə deyilir. Marketinq strategiyası müəssisənin ümumi strategiyasının tərkib hissəsidir. O, müəssisənin istehlakçı və rəqiblərə münasibətdə əsas bazar fəaliyyətini müəyyənləşdirir. Müəssisənin marketinq strategiyası onun bazardakı mövcud vəziyyətindən, bazarda baş verən dəyişikliklərdən və rəqiblərin gələcək fəaliyyətindən, qarşıya qoyulmuş məqsəd və mövcud maliyyə imkanlarından asılıdır.

Marketinq strategiyasının əsas məqsədləri əsasən aşağıdakılardan ibarət olur:

• Satış həcminin artırılması (o cümlədən müştəri axınının və ya sifarişlərin həcminin artırılması);
• Mənfəətin artırılması;
• Bazar payının artırılması;
• Müəyyən seqmentdə lider mövqeyin əldə olunması.
• Ümumilikdə, məqsədlər müəssisənin missiyası və biznesin strateji məqsədlərinə uyğun olmalıdır. Marketinq strategiyası müəssisənin marketinq fəaliyyətinin təməlidir. Marketinq, reklam, ictimaiyyətlə əlaqələr (PR) və satışlar sahəsindəki bütün tədbirlər seçilmiş strategiya ilə uyğunlaşdırılmalıdır. Məhz bu cür tədbirlər marketinq strategiyasının təcrübədə həyata keçirilməsini təmin edir.
Marketinq plan müəssisənin məhsul və xidmətlərinin əsas marketinq məqsədləri və bu məqsədlərə nail olunması yolları öz əksini tapmış bir sənəddir. Marketinq plan formal struktura malik olsa da, çevik alət olaraq qeyri-formal struktur üzərindən də hazırlana bilər. Marketinq plan müəssisənin vacib planlarından hesab olunur. Onun hazırlanması prosesi müəssisənin ümumi planlaşdırma prosesinin, eyni zamanda, büdcənin tərtib olunmasının ayrılmaz bir hissəsi kimi həyata keçirilməlidir.
Müasir biznesdə qərarların qəbul edilməsi üçün vacib hesab edilən alətlərdən biri də bazar haqqında məlumatdır. Dünya praktikası və bizim şəxsi təcrübəmiz göstərir ki, istənilən investisiya qərarı məhz bazarın dərin araşdırılması həyata keçirildikdən sonra qəbul edilir.
“AzEkoKonsaltinq” şirkəti bazar araşdırması həyata keçirməklə Sizin üçün bazarın tarixi inkişafı, bazar konyunkturu, tələb və təklifi, bazarın əsas iştirakçılarını, onun həcmini və burada olan rəqabəti, həmçinin proqnozlaşdırılan tendensiyanı müəyyənləşdirməyə imkan yaradar.
Fəaliyyət göstərdiyi müddət ərzində “AzEkoKonsaltinq” şirkəti müxtəlif bazarlar haqqında geniş məlumat bazası toplamış və bu məlumat bazası bazarda mövcud olan vəziyyətin tədqiq edilməsi üçün istifadə olunur. Biz əhalinin müxtəlif təbəqələri arasında sorğuların keçirilməsi ilə əlaqədar fərqli üsullardan və Sizə nadir analitik material əldə etmək imkanı verən sorğu materiallarının tədqiqi üçün tələb olunan lazımi proqram təminatından istifadə edirik.
Bazarın müxtəlif seqmentlərində aparıcı ekspertlərlə birgə onlarla araşdırma həyata keçirməklə geniş təcrübə əldə etmiş “AzEkoKonsaltinq” şirkətinin işçi personalı, Sizə biznesiniz üçün keyfiyyətli və vacib məlumatların əldə edilməsinə yardım göstərməyə hazırdır.

Bazar araşdırmaları üsulları ilk növbədə birinci dərəcəli və ikinci dərəcəli məlumatların toplanması üsullarına bölünür.

• İkinci dərəcəli məlumatlar – nə vaxtsa, bu tapşırıqla bağlı olmayan hansısa məqsədlər üçün toplanmış məlumatlara deyilir.
• Birinci dərəcəli məlumatlar – tədqiqatçı tərəfindən konkret problemin həlli məqsədilə xüsusi olaraq toplanmış məlumatlara deyilir.

Bazar araşdırmalarının növləri

Bütün bazar araşdırmaları aşağıdakı növlərə bölünür:

• Keyfiyyət araşdırması – istehlakçıların alış haqqında qərar qəbul etmələrinə təsir göstərən amilləri, məhsul və ya markanın istehlakçılarda doğurduğu təəssüratları, reklama olan münasibətlərin mümkün variantlarını və s. müəyyənləşdirməyə imkan verən üsul və metodlardır.

Keyfiyyət araşdırması öz təbiətinə görə kəşfiyyat xarakteri daşıyır və “necə?”, “nə üçün?” suallarına cavab verir. Keyfiyyət araşdırmasına fokus-qrup, dərin müsahibə və protokolun tədqiqi kimi araşdırma üsulları aid edilir. Bu araşdırma üsulu digər araşdırma üsullarından fərqli olaraq, kəmiyyət üzrə nəticələr əldə etməyə imkan vermir. Məhz ona görə də bu üsul keyfiyyət araşdırması adlanır. Keyfiyyət araşdırmasının əsas üsulları bunlardır:

- fokus-qrup
- dərin müsahibə
- protokolun tədqiqi və s.

• Kəmiyyət araşdırması – adətən konkret nəticə əldə edilməsi üçün istifadə olunur – müxtəlif fərziyyələri yoxlayır – bütün potensial müştərilər haqqında qərar qəbul etmək məqsədilə təsadüfi seçim texnikasından istifadə edir – geniş respondent kütlələrini əhatə edir. Kəmiyyət araşdırmasına əsasən sorğu və retail-audit kimi üsullar aid edilir. Kəmiyyət araşdırmasının əsas üsulları aşağıdakılardır:

- sorğu
- satışın auditi
- qarışıq üsullar və s.
• Müştəri xidməti işinin təhlil edilməsi
• Müştəri xidmətinin keyfiyyətinin öyrənilməsi
• Müştəri xidməti standartlarının hazırlanması
• Xarici şirkətlərin Azərbaycanda qeydiyyatı
• Azad iqtisadi zonalarla bağlı məsləhət xidmətləri
• Vergisiz (off-shore) zonalarla bağlı məsləhət xidmətləri
• Beynəlxaq vergi planlaşdırılması
• Biznesin beynəlxalq holdinqə çevrilməsi
• Hüquqi sənədlərin tətbiq edilən xarici qanunvericiliyə uyğun olaraq hazırlanması (draftinq)
• Xarici ölkələrin korporativ və vergi qanunvericiliyi üzrə hüquqi rəy və analitik araşdırmaların hazırlanması
• Xarici şirkətlərin qeydiyyata alınması üçün sənədlərin hazırlanması üzrə xidmətlər
• Şirkətlərin fəaliyyətinin illik uzadılması və hüquqi dəstək üzrə xidmətlər
• Şirkətlərin fəaliyyətinin korporativ müşayiət olunması üzrə xidmətlər
• Bank hesablarının açılmasına yardım
• Maliyyə və audit hesabatlarının hazırlanması